line

Bioqrafiya

line

Respublikanın Xalq artisti Professor Rauf Abdullayev Azərbaycan müasir musiqi mədəniyyətinin görkəmli nümayəndələrindəndir. Onun möhtəşəm ifası Fransa, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, Yunanıstan, İraq, Misir, Belçika, İtaliya, Finlandiya, Avstriya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və başqa ölkələrin dinləyicilərinə də yaxşı tanışdır.

O, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Piano Fakültəsini və Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Simfonik dirijorluq fakültəsini bitirmişdir. Bundan sonra Azərbaycan Opera Teatrına dirijor kimi dəvət alan sənətçi 1968-1984 illərdə burada Baş dirijor kimi çalışmışdır. 1984-cü ildən bəri Abdullayev Azərbaycan Dövlət Simfonik Orkestrinin Bədii rəhbəri və Baş dirijorudur.

Son iki ildə orkestr Abdullayevin rəhbərliyi altında yüksək mədəni ifaçılıq səviyyəsi, professionallıq qazanaraq, xarici konsert səfərləri ilə geniş surətdə nəzərəçarpan bir çox uğurlara imza atmışdır. Rauf Abdullayevin geniş əhatəli repertuarına müxtəlif dövrlərdən, üslub və cərəyanlardan olan əsərlər daxildir. Onun qüsursuz ifaçılıq zövqü və mahir interpretasiya bacarığı həm professionallar, həm də musiqi həvəskarları tərəfindən birmənalı olaraq alqışlanır.

Sənətçi xüsusi olaraq Azərbaycan bəstəkarlarının musiqi əsərlərinin ifasına üstünlük verir. Bu bəstəkarların bir çox operaları, balet və simfoniyaları məhz Abdullayevin rəhbərliyi ilə ilk dəfə ölkə daxilində və xaricdə məharətlə ifa olunmuşdur. R. Abdullayev həmçinin Qara Qarayev adına “İyirminci Əsr Musiqisi” Klassik Musiqi Festivalının təsisçi və təşkilatçılarından biridir.

Sənətkarın müxtəlif yaradıcılıq kollektivlərində Baş dirijor kimi 40 illik fəaliyyəti musiqi dünyasında onun misilsiz və nadir fenomen olaraq böyük nüfuzundan xəbər verir. Rauf Abdullayev fəal və yorulmaz karyerası müddətində bir çox fəxri dövlət mükafatları və adları ilə, həmçinin xarici titullarla təltif olunmuşdur. O eyni zamanda 1993-cü ildən 1997-ci ilədək Baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə “Türkiyədə İlin ən yaxşı dirijoru” adına layiq görülmüşdür.