line

Rəylər

line

Heydər Əliyev

Xalq Artisti Rauf Abdullayevə
Hörmətli Rauf Adullayev!
Sizi – Azərbaycanın görkəmli dirijorunu 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Siz respublikada musiqi mədəniyyətinin inkişafında xidmətləri olan sənətkar kimi tanınırsınız. Azərbaycan dirijorluq məktəbinin ənənələrini yüksək səviyyədə davam etdirmək, onu yeni zirvələrə qaldırmaq sizə nəsib olmuşdur. Müasir Azərbaycan bəstəkarlarının onlarca əsəri böyük sənətkarlığınız sayəsində həyata vəsiqə almışdır. Sizin rəhbərliyiniz altında qoyulmuş bir çox tamaşa respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.

İlham Əliyev

R.C. Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqisinin təbliğindəki xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilsin.

Qara Qarayev

“Əziz Rauf !İndi heç birimizin vəziyyəti yaxşı deyil, müxtəlif səbəblər ucbatından tale bizi öz məhvərimizdən çıxarır. Mən sənin haqqında, keçirdiyin çətinliklər barəsində çox fikirləşirəm və səndən çox xahiş edirəm ki, təslim olma, möhkəm dur, əzilməyinə imkan vermə, axıradək vuruş! Başlıcası musiqi, incəsənət və yaradıcılıqdır. Mən sənin istedadını yüksək qiymətləndirirəm, onu qoru.

Hans Xayns Şneeberher

“1990-cı ildə Bakıdakı yeni musiqi festivalı çərçivəsində mən də Alban Berqin konsertini ifa etmək üçün dəvət olunmuşdum. Bununla əlaqədar olaraq mən iki şeyi xüsusilə qeyd etmək istərdim: söhbət bu əsərin premyerasının Bakıda təşkilindən gedirdi; konsert 1990-cı il dekabrın 23-də, dəqiq desək, bəstəkarın vəfatından 55 il keçdikdən sonra oldu. Mən bu əsəri ən çox İsveçrə və Almaniyada ifa edirdim.

Xəyyam Mirzəzadə

“Raufa qədər çox dirijorlar- L.Ginzburq, A.Staseviç, N.Raxlin, K.Abdullayev, F.Mansurov “63-ün Oçerkləri”ni ifa etmişdilər. Mən bu əsəri Raufa verərkən riskə getdim. O isə yaxşı ifa etdi. Ümumiyyətlə, onunla işləmək maraqlıdır, nəyi desən, onu də eləyir. Raufla işləyəndə musiqi üçün narahat olmağa dəyməz. O, musiqini gözəl qavrayır və əgər o, bəstəkar olsaydı, şübhəsiz ki, yaxşı musiqi yazardı, o, çox gözəl hiss edir. Sanki ona qədər görünməyənləri tapıb çıxara bilir. Onda forma təsviri intuisiyası var. Bu, təbiətdir. Bu həm də öz üzərində çox işləməkdir. 

Arif Məlikov

“Rauf Abdullayevlə məni böyük insani və yaradıcılıq dostluğu bağlayır. O, möhtəşəm imkanlı, böyük yaradıcılıq qabiliyyətli dirijordur. Onunla işləmək həmişə maraqlıdır və yaradıcılıq baxımından etibarlıdır. Rauf Abdullayev müəllif düşüncəsinə ciddi əməl eləyən dirijorlardandır, onun intellektual və texniki imkanları ifa olunan əsərin dramaturgiyasının daha dərindən açılmasına kömək edir. O, elə bir dirijordur ki, onun istəyi ilə bacarığı arasında fərq yoxdur.

Qara Qarayev

“Hörmətli Rauf Canbaxışoviç!”
Azərbaycan Bəstəkarlar İttifaqı respublika bəstəkarlarının IV qurultayında simfonik konsertlərin və tamaşaların keçirilməsində fəal iştirak etdiyinizə görə Sizə öz dərin minnətdarlığını bildirir. Azərbaycan bəstəkarlarının bir çox əsərləri öz yaranışları ilə Sizin parlaq ifa sənətinizə borcludur. Ümidvarıq ki, bizim mehriban başlanğıclı yaradıcılıq dostluğumuz Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə gələcəkdə də davam edəcəkdir”.

Müslüm Maqomayev

“Həmişə babam Əbdül Müslüm Maqomayevi ilk professional dirijor hesab etmişəm, sonra Niyazini, daha sonra isə Rauf Abdullayevi. Başqalarını hələ ki, tanımıram. Güman edirəm ki, adlarını çəkmədiklərim məni bağışlayarlar.Rauf Abdullayev ustaddır! Əgər üç orkestri birləşdirib onlardan vahid bir orqanizm yaradılarsa, bu, böyük ustalıq olar. Mən Rostropoviçin gəlişi ərəfəsində çox həyəcanlı idim, çünki o, elə bir musiqiçidir ki, hamını tənqid eləməyə haqqı var. Amma mənim narahatlığım əsassız imiş.

Tofiq Quliyev

“Dirijorluq etmək çox çətin və mürəkkəb sənətdir. Burada həm dirijorluq etdiyin əsəri aparmaq lazımdır, həm də eyni zamanda, 80-dən artıq musiqiçini dinləmək lazımdır ki, onlar notda yazılanları ifa etsinlər. Hətta bacarıqlı musiqiçilər də bu mürəkkəb sənəti – dirijorluğu həmişə istənilən vaxtda öyrənə bilmirlər. Ona görə də, mənim zənnimcə, bacarıqlı dirijor hələ yaxşı dirijor demək deyil. Rauf Abdullayev artıqlaması ilə bu keyfiyyətlərə malikdir. O, təkcə yaxşı dirijor deyil, o, çox yaxşı eşidən dirijordur.

Cövdət Hacıyev

“Rauf Abdullayev görkəmli dirijordur, çox istedadlıdır, geniş texniki və bədii imkanlar palitrasına malikdir. Səsi çox gözəl idarə edə bilir, musiqi frazası yaratmağı bacarır. Rauf əsərə əla traktovka verir, onun interpretasiyası həmişə yüksək səviyyədə olur, o, əsərin dramaturgiyasını düzgün anlayır, buna necə nail olmağın qaydasını bilir, müəllif düşüncələrinin iç aləminə müdaxilə edir.